ELEKTRON İDARƏETMƏ SİSTEMLƏRİNİN BEYNƏLXALQ YÜKDAŞIMALAR ÜZƏRİNDƏ TƏSİRİ: RƏQƏMSAL İNKİŞAFIN MÜSBƏT VƏ MƏNFİ TƏRƏFLƏRİNİN TƏHLİLİ
Abstract
Son illərdə beynəlxalq yükdaşıma sahəsində baş verən sürətli dəyişikliklər rəqəmsal texnologiyaların rolunu daha da artırıb və logistika əməliyyatlarının idarə olunmasında elektron sistemlərin zəruriliyini ön plana çıxarıb. Müasir elektron idarəetmə platformaları gömrük prosedurlarının avtomatlaşdırılmasına, sənədlərin kağızdan rəqəmsal formata keçirilməsinə və yük axınının daha şəffaf şəkildə izlənməsinə imkan verərək pro-seslərin səmərəliliyini yüksəldir. Rəqəmsal həllərin tətbiqi həm də daşımaların planlaşdırılması və koordinasi-yasını sadələşdirərək müxtəlif qurumlar arasında məlumat mübadiləsinin daha operativ şəkildə həyata keçi-rilməsinə şərait yaradır. Bu məqalədə elektron idarəetmə sistemlərinin beynəlxalq yükdaşımalar üzərində ya-ratdığı ümumi təsirlər təhlil edilir və xüsusilə Azərbaycanın son illərdə rəqəmsal sahədə atdığı addımlar – “vahid pəncərə”, e-gömrük xidmətləri, eCMR və eTIR təşəbbüsləri – ümumi çərçivədə qiymətləndirilir. Apa-rılan təhlil göstərir ki, rəqəmsallaşma əməliyyatların icra müddətini azaldır, xərcləri minimuma endirir və prosesləri daha şəffaf edir. Bununla yanaşı, rəqəmsal keçidin bütün mərhələlərdə eyni sürətlə həyata keçi-rilməməsi, texnoloji infrastrukturun bəzi sahələrdə geri qalması və kibertəhlükəsizlik riskləri transformasiya prosesini çətinləşdirən məqamlar kimi qalır. Məqalə rəqəmsal həllərin mövcud vəziyyətini ümumiləşdirir, əsas tendensiyaları müəyyənləşdirir və gələcək tədqiqatlar üçün mümkün istiqamətlərə işarə edir.
Keywords
elektron idarəetmə
beynəlxalq yükdaşımalar
rəqəmsal transformasiya
rəqəmsal logistika
ticarətin asanlaşdı-rılması