EKOLOJİ BƏRPA SİYASƏTİ VƏ YAŞIL İQTİSADIYYATIN İNKİŞAFI: POST-MÜHARİBƏ REGIONLARININ TRANSFORMASİYASI
Abstract
: Bu məqalədə müharibədən sonrakı dövrdə ekoloji bərpa siyasəti və yaşıl iqtisadiyyatın inkişaf strategiyaları Qarabağ regionu timsalında təhlil edilmişdir. Araşdırma göstərir ki, silahlı münaqişələr nəticəsində yaranan ekoloji problemlər – torpaq deqradasiyası, su ehtiyatlarının çirklənməsi, meşə örtüyünün azalması və bio-müxtəlifliyin zəifləməsi – regionların sosial-iqtisadi inkişafına ciddi təsir göstərir. Bu baxımdan ekoloji bərpa yalnız ətraf mühitin qorunması deyil, həm də iqtisadi dirçəlişin əsas şərtlərindən biri kimi çıxış edir. Məqalədə ekoloji bərpa siyasətinin əsas istiqamətləri – ekoloji qiymətləndirmə, torpaqların rekultivasiyası, su və meşə ehtiyatlarının bərpası, institusional mexanizmlərin gücləndirilməsi və müasir texnologiyaların tətbiqi – sistemli şəkildə təhlil olunmuşdur. Müəyyən edilmişdir ki, bu tədbirlərin kompleks və koordinasiyalı şəkildə həyata keçirilməsi dayanıqlı inkişafın təmin olunmasına imkan yaradır. Eyni zamanda, yaşıl iqtisadiyyat mo-deli resurslardan səmərəli istifadə, karbon emissiyalarının azaldılması və ekoloji tarazlığın qorunması prin-siplərinə əsaslanaraq post-müharibə regionlarının inkişafında effektiv yanaşma kimi qiymətləndirilir. Qarabağ regionu üzrə aparılan statistik təhlil göstərir ki, ərazi zəngin təbii və enerji resurslarına malikdir. Günəş və külək enerjisi potensialı, su ehtiyatları və kənd təsərrüfatı üçün yararlı torpaqlar yaşıl iqtisadiyyatın inkişafı üçün geniş imkanlar yaradır. Bununla yanaşı, mina ilə çirklənmiş ərazilər, infrastrukturun dağıdılması və eko-sistemlərin zədələnməsi kimi problemlər bu prosesə maneə törədir. Məqalədə bu problemlərin aradan qaldı-rılması üçün bərpa olunan enerji layihələrinin genişləndirilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyala-rının tətbiqi və yaşıl texnologiyaların inkişafı əsas istiqamətlər kimi əsaslandırılmışdır. Nəticə etibarilə, Qara-bağ regionunun yaşıl iqtisadiyyat modeli əsasında inkişafı onun uzunmüddətli sosial-iqtisadi və ekoloji daya-nıqlılığını təmin edən əsas strateji yanaşma kimi qiymətləndirilir.
Keywords
ekoloji bərpa
yaşıl iqtisadiyyat
post-müharibə regionları
Qarabağ
dayanıqlı inkişaf